Salyanın taxıl sahələrində bu il bol məhsul olacaq

Salyan, 8 fevral, İMZAİNFO
Strateji məhsul olan taxılçılığın inkişaf etdirilməsi Salyan rayonunda daim diqqət mərkəzindədir. Ötən təsərrüfat ili məhsuldar olduğundan bu il də fermerlər məhsulun daha İMZAİNFO xəbər verir ki, Salyanda fərdi fermer təsərrüfatlarında taxıl əkininə vaxtında başlanılıb, aqrotexniki qulluq göstərilib. Ötən ilki məhsuldarlıq salyanlı fermerləri taxıl əkininə daha da maraqlı edib. Salyanın Şorsulu kənd sakini 64 yaşlı Balaş Əhmədov 42 ildir ki, taxıl əkini ilə məşğuldur. Ötən il sahədən bol məhsul götürən fermer bu il taxıl sahəsini daha genişləndirib: “Ötən il 20 hektar taxıl əkmişdim. Çox yaxşı məhsulumuz oldu. Ümumi sahəmizdən 45 sentner taxıl götürdük. Bu il 30 hektar sahədə taxıl əkmişəm. 25 hektarını suvarmışam, 5 hektarında isə sulama gedir. Bu il üçün 50 sentnerə yaxın taxıl məhsulu gözləyirəm. Çünki, lazımi tədbirləri görmüşük. Şum altına üzvi gübrələri vermişik. Qeyri-üzvi gübrələrlə gübrələmişik”.
Bütün aqrotexniki tədbirləri həyata keçirən fermer bu il taxılın “Əzəmətli” sortuna müraciət edib. Fermer qeyd edir ki, bu sort yerli iqlimə uyğun olan məhsuldar sortlardan biridir. Salyanda son vaxtlar havaların kəskin dəyişməsi, qarın yağması taxıl əkən fermerlərin sevincinə də səbəb olub. Kənd təsərrüfatı mütəxəssisi Əli Novruzov deyir ki, Aran rayonlarına qarın yağması bu il taxılın daha da bol olacağına işarədir. Mütəxəssis taxılçı fermerlərə bir neçə tövsiyəsini də çatdırıb: “Nəmişlik, qarın yağması taxılçı fermerlərin xeyli köməyinə çatıb. Məhsuldarlığın artırılmasına, bilavasitə zərərvericilərin məhv olmasına qarın yağması, qışın sərt keçməsinin böyük əhəmiyyəti var. Bundan əlavə taxıl mütəmadi olaraq nəzarətdə saxlanılmalı, onun becərilməsinə nəzarət artırılmalı və iki mərhələdə yemləmə gübrəsi verilməlidir ki, lazım olan məhsuldarlıq əldə olunsun. Qarın yağması torpaqda rütubəti artırsa da, fevral-mart aylarında mütəmadi olaraq taxıl əkilmiş sahələr torpağın rütubəti nəzərə alınaraq suvarılmalıdır”.
Qeyd edək ki, 2021-ci ildə Salyan rayonunda 16 min 860 hektar ərazidə taxıl əkini aparılaraq 67 min 217 ton məhsul əldə olunub. Bu da orta hesabla 39,9 sentner məhsul deməkdir. Rayonda ötən il sahələrdən 24 min 982 ton, yəni 43,8 sentner buğda, 42 min 235 ton, yəni 37,9 sentner arpa yığılıb. Bu ilin yanvarın sonunadək isə artıq rayonda 16 min 867 hektar sahəyə taxıl səpilib. Səpilmiş taxılın 6274 hektarını buğda, 10 min 593 hektarını isə arpa təşkil edib. Fermerlər əsasən buğdanın “Qobustan”, “Tale 38”, arpanın isə “Qarabağ 33”, “Qarabağ 22” sortlarına üstünlük verirlər.
 
Paylaş