“SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 35-ə çatıb

Bakı, 14 sentyabr, İMZAİNFO

Sentyabrın 14-də Salyan şəhəri, Bakı-Astara yolunun 119-cu kilometrində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da ümumilikdə respublikada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 35-ə çatıb.

“SOCAR Petroleum” QSC-dən İMZAİNFO-ya bildirilib ki, cənub bölgəsindən Bakı istiqamətinə və Salyan rayonundan cənub bölgəsinə gedən istiqamətlərdə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə 6 yanacaqpaylayıcı kolonka quraşdırılıb. Yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 35 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Paylaş