Təhlükəsiz ticarətin təşkili məsələləri müzakirə edilib

Bakı, 24 aprel,  İMZAİNFO
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının Gömrük Əməkdaşlığı Komitəsi və sanitar, fitosanitar regional işçi qrupunun “Risklərin idarə edilməsi və rəqəmsallaşma yolu ilə təhlükəsiz ticarətin təşkili” mövzusunda birgə iclası keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  İMZAİNFO-ya bildirilib ki, iclasda beynəlxalq ticarətin təhlükəsiz və kağızsız texnologiyalar əsasında həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi ilə rəqəmsallaşmanın inkişafı, risklərin idarə olunması məsələləri müzakirə edilib.
İclasa sədrlik edən Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib ki, müasir dünyada ikitərəfli, regional və çoxtərəfli əməkdaşlığın qurulmasında rəqəmsallaşma mühüm əhəmiyyət daşıyır, iqtisadiyyatın, ticarətin keyfiyyətli və dayanıqlı inkişafında əhəmiyyətli rol oynayır. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına prosedurların, gömrük əməliyyatlarının elektronlaşdırılması beynəlxalq ticarətin asanlaşdırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə şərait yaradır.
Komitə sədrinin müavini vurğulayıb ki, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi risklərin səmərəli şəkildə idarə edilməsinə, dəyərləndirilməsinə zəmin yaradır ki, bu da mallar üzərində səmərəli gömrük nəzarətinin təşkili, gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. C.Qasımov iclasda bu istiqamətdə faydalı fikir mübadiləsinin aparılacağına və müzakirələrin əməkdaşlığın güclənməsinə, iqtisadiyyatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra iclasda risklərin idarə olunması, gömrük-sərhəd keçid məntəqələrində sanitar, fitosanitar və baytarlıq nəzarətinin təşkili və digər mövzularda beynəlxalq və yerli təcrübələrə əsaslanan təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.
Paylaş