Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərdə görülən nəqliyyat infrastrukturu işləri ilə tanış olub

Füzuli, 31 may, İMZAİNFO
Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev işğaldan azad edilmiş ərazilərdə görülən nəqliyyat infrastrukturu işləri ilə tanışlıq məqsədilə həmin ərazilərə səfər ediblər.
İMZAİNFO xəbər verir ki, səfər çərçivəsində nazirlər əvvəlcə Horadiz şəhərində olublar. Burada Horadiz-Ağbənd dəmir yolu stansiyasının tikintisi ilə bağlı videoçarx təqdim edilib, layihə barədə məlumat verilib.
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi ilə bağlı görülən son işlərlə tanışlıq zamanı qeyd edilib ki, yolun inşasının 2023-cü ilin iyununda başa çatdırılması planlaşdırılıb. Nazirlər, həmçinin Füzulidə inşa edilən beynəlxalq hava limanı ərazisində də olublar.
Daha sonra Xocavənd rayonu ərazisindəki Böyük Tağlar kəndinə səfər edən nazirlərə “Zəfər yolu”nun tikintisi barədə məlumat verilib. Bildirilib ki, tikintinin daha intensiv aparılması məqsədilə Türkiyə və Azərbaycandan olan işçilər üçün Əhmədbəyli kəndində min nəfərlik kompleks yaradılıb.
Paylaş