Türkiyənin energetika və təbii sərvətlər naziri Ulu Öndərin məzarını ziyarət edib

Bakı, 22 dekabr,  İMZAİNFO

Dekabrın 22-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

  İMZAİNFO xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb və məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn nazir Fatih Dönməz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb.

Həmçinin “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

Paylaş