Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr edilən rəsmi ziyafət təşkil olunub

Vaşinqton, 23 may, İMZAİNFO

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

İMZAİNFO xəbər verir ki, ABŞ-ı tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison təmsil edib. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general-leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa, habelə konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Həmçinin mərasimdə 20-yə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Prezident Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirib. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Səfir, eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb, hazırda Azərbaycanla ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıblar. ABŞ tərəfi postmünaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artırmaqda maraqlı olduğunu vurğulayıb. Bölgəmizdə sülh və əmin-amanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyi və Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı videoçarxlar nümayiş etdirilib.

Bədii hissədə Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri “Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa ediblər.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər, eləcə də “Şah plov” qonaqlara təqdim edilib.

Sonra “Şur” trio instrumental qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa ediblər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar.

Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətənimiz Əbülfəz Bahadorinin rəsm əsərləri nümayiş olunub. İştirakçılar Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlərlə tanış olublar.

AZƏRTAC-ın Vaşinqton bürosu

Paylaş