Xaçmazda Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib

Xaçmaz, 18 mart, İMZAİNFO

Martın 18-də Xaçmaz rayonunun Yalama kəndində Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən körpələr evi-uşaq bağçasının açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bina 1976-cı ildən məktəb yataqxanası, 1990-cı ildən isə uşaq bağçası kimi fəaliyyət göstərib. Ötən müddətdə bina köhnəldiyindən burada əsaslı təmir işləri aparılıb.

Hazırda bağçada 3 qrup fəaliyyət göstərir. 60 yerlik məktəbəqədər təhsil müəssisəsində yataq, oyun, musiqi və həkim otaqları mövcuddur. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağçada onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün şərait yaradılıb və müvafiq inventarla təchiz edilib. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bağçanın açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən və körpələr üçün yaradılan şəraitdən danışıblar.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nurəddinova bildirib ki, bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin başlıca prinsiplərindəndir. Respublikamızda yüzlərlə uşaq bağçası və körpələr evinin tikilməsi, bir çoxunun isə yenidən bərpası ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar yaradır.

Tədbirdə çıxış edənlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Paylaş